Qəzənfər Kazımovun «Azərbaycan dilinin tarixi» adlı monoqrafiyasında ulu dilin təşəkkülü və protodillərə ayrılması, protodillərin dialekt parçalanması əsasında dil ailələrinin formalaşması, şumer-türk varisliyi, e.ə. III-I minilliklərdə protoazərbaycan dilinin inkişaf yolu araşdırılmışdır. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi seminarında bu kitab geniş dairədə müzakirə edilmişdir. Dilçilər həmin əsər haqqında öz fikir və düşüncələrini müəlliflə bölüşmüşlər. Həmin fikirlərdən birini oxuculara təqdim edirik.

 

Prof. Q.Ş.Kazımovun «Azərbaycan dilinin tarixi» (Bakı, «Təhsil» nəşriyyatı, 2003, 584 s.) monoqrafiyası ən qədim dövrlərdən XIII yüzilliyə qədər bir dövrü əhatə edir.

 

Bu monoqrafiya həm mürəkkəb, həm də tariximiz və dilimizdə mövcud olan bir sıra mübahisəli problemlərə aydınlıq, obyektivlik gətirməsi ilə diqqəti daha çox cəlb edir. Hər şeydən öncə, dilimizin mənşəyi bu əsərdə gerçəklik işığında təqdim edilir. Uzun müddətdir ki, tarixi həqiqətlər təhrif olunur, ulu türkün ilkin beşiyi Mərkəzi Asiya sayılır, guya türklər Altayda doğulmuş, orada artıb-çoxalmış, müxtəlif ərazilərə, o cümlədən Qafqaza və Ön Asiyaya oradan yayılmışlar.

 

Müəllif düzgün olaraq, arxeoloji və tarixi materiallara əsaslanaraq ilk bəşər dilinin təşəkkülü, dialekt parçalanması haqqında inandırıcı mülahizələr söyləmiş və ilkin miqrasiyaların Ön Asiyadan başlandığını sübuta yetirmişdir.

 

Monoqrafiya müəllifi mixi yazılarda mühafizə olunmuş külli miqdarda etnonim, toponim və antroponimləri təhlil edərək Azərbaycan aborigenlərinin türkdilli olduğunu göstərmişdir.

 

Q.Kazımovdan əvvəl Z.Bünyadov, Ə.Dəmirçizadə, S.Əlyarov, T.Məmmədov, K.Əliyev, E.Əlibəyzadə və başqa tarixçi və dilçilər Azərbaycan xalqının, Azərbaycan dilinin mənşəyini düzgün araşdırıb üzə çıxarmaq işini özləri üçün həqiqi vətəndaşlıq borcu saymışlar. Ancaq həmin alimlərin əsərlərində problemin qoyuluşu birtərəfli olduğu üçün sona çatdırılmır- türk dilinin tarixi onun inkişafının müəyyən kəsiyində araşdırılır, neçə min illik mərhələ nəzərə alınmırdı.

 

Tədqiqatçı özündən əvvəlki müəlliflərdən fərqli cəsarətli addım ataraq dərin və tutarlı mənbə və materiallar əsasında şumer-türk mənşə birliyini, türk- şumer struktur eyniliyini leksik, morfoloji və sintaktik müqayisələr əsasında sübut edərək türklərin hindavropalılar və samilərlə birlikdə Ön Asiyanın ən qədim və əzəli sakinləri olduğunu müəyyənləşdirmişdir.

 

Kitabda əksini tapan mühüm və aktual mövzulardan biri də dillərin qohumluğu- yəni monogenez problemidir. Bu problem haqqında Q.Kazımovun təsəvvürləri, hər şeydən öncə, aydın məntiqə, ulu dilin dil ailələrindəki izlərinə və protodillərin törəmələrinə, budaqlarına əsaslanır ki, bu da təbiidir. Elə buna görə də alim ilk dəfə belə bir mülahizə irəli sürür ki, tipoloji cəhətdən eyni (və ya yaxın) olan bütün dillər bir protodilin budaqlarıdır.

 

Q.Kazımov ulu dildən gələn xeyli sözün (gi, bi, ti, qa və s.) etimoloji təhlilini verərək onların dil ailələrindəki arxetiplərini dəqiqləşdirib müqayisələr aparmaq istiqamətində də mühüm işlər görmüşdür.

 

Müəllifin bütün elmi mülahizələri havadan asılı qalmır. Məsələn, o, dillərin poligenez və ya monogenez olması məsələsində-mübahisəsində sözgəlişi fikir işlətmir, arxeoloji materiallarla yanaşı, dil ailələrinin qohumluğunu isbat edən faktların aşkarlanması yolu ilə məsələyə aydınlıq gətirmişdir. Tədqiqatçı səriştəsi ilə, inam və təkidi ilə monogenez mənşəyinin sübutuna çalışmışdır. Q.Kazımov dünya dillərinin mənşə birliyini aydınlaşdırmağın yeni üsulunu müəyyənləşdirmişdir ki, bu üsul tarixi- müqayisəli təhlil prosesində hamı tərəfindən qəbul edilmiş fonetik qanunlara əsaslanır. Bu prinsipin əsasında isə söz kökündə artikulyasiya bazasına görə yaxın olan samit səslər durur.

 

Bizim bir çoxumuzun çatışmayan cəhəti ulu dili kifayət qədər, aydın təsəvvür edə bilməməyimizdir. Bunun üçün hələ biz dilçilər, tarixçilər böyük zəhmətə qatlaşmalıyıq. Amma müəllif böyük yaradıcılıq təcrübəsi qazanaraq

 

 

ulu dilə doğru araşdırmaların gələcəyinə böyük ümidlər bəsləyir, o, dünya dillərinə məxsus saysız-hesabsız söz köklərində ulu dilin söz köklərini görür (həmin köklər: gi-getmək, qaçmaq və s.; bi-boy, boy atmaq və s.; ti-dil, danışmaq və s.; lu-adam, el, xalq; ba-bağ, əlaqə və s.). Beləliklə, bu və ya digər qədim söz köklərinin struktur-semantik yuvaları dünya dillərində leksik vahidlərin semantik inkişafını ardıcıl izləməyə imkan yaradır.

 

Qeyd olunmalıdır ki, çox ağır zəhmət hesabına müəllif nostratik dilləri (qədim sanskrit, türk, rus, ingilis, ərəb, fars) müqayisəyə cəlb edərək eyniköklü sözlərin semantik inkişaf yolunu öyrənməyə çalışmışdır.

 

Məsələnin sonrakı qoyuluşu dilin inkişafının növbəti mərhələsidir. Bu dövr protodillərin parçalanmasıdır. Müəllifin fikirlərinə görə dil ailələrinin təşəkkülü bu böyük mərhələdə mümkün olub. Dil ailələrinin təşəkkülündəki reallığı üzə çıxarmaq üçün o, şumer dilinin leksikası, morfologiyası ilə türk dillərinin leksikası və morfologiyasını müqayisə edir, leksik və morfoloji quruluşda mövcud olan yaxınlıqları aşkarlayır. Bu leksik və qrammatik faktlar şumer-türk əlaqələrinin tarixi haqqında oxucuya maraqlı məlumatlar çatdırır.

 

Qeyd etmək lazımdır ki, tarixşünaslıqda şumerlərin dili haqqında yanlış düşüncələr mövcuddur. Bu vaxta qədər şumer dilinin heç bir qədim və müasir dil ilə qohumluğu sübut edilməsə də, şumer leksikası ilə türk dillərinin leksikası arasında yaxınlıq daha çox müəyyən edilmişdir. Q. Kazımov şumer dilini qəsdən türk dilindən uzaqlaşdırmaq istəyən tədqiqatçılardan fərqli olaraq şumer dilinin quruluşunu- fonetik, leksik və qrammatik quruluşunun türk dillərinin fonetik, leksik və qrammatik quruluşu ilə qarşılaşdırır, eyniliyin inkişaf istiqamətlərini müəyyənləşdirir. Onun əldə etdiyi faktlar şumer dilinin türk dilləri ilə mədəni qohumluğunu deyil, genetik qohumluğunu göstərir və bütün bunlarda şumer-protoazərbaycan-türk birliyini görür.

 

Dilin inkişafının üçüncü mərhələsi protoazərbaycan dili dövrüdür. “Protoazərbaycan dili dövrü” adlanan fəsildə Q.Kazımov “Azərbaycan tarixi”nin akademik nəşrini aşkar şəkildə təhrif edən tarixçilərə öz sözünü deyə bilib.

 

Tədqiqatçı protoazərbaycan dilinin izlərini 3 və 2-ci minilliklərə aid toponim, etnonim və antroponimlər, şumer-türk qohumluq əlaqələri, qonşu ölkələrin dilləri, tarixin mühafizə edib saxladığı digər sənədlərlə yanaşı, xüsusi adlarda Azərbaycan dili və digər türk dilləri ilə izah oluna bilən bir sıra fonetik və qrammatik əlamətlərdə görə bilir.

 

Əsərin 4-cü fəslində dilimizin əmələ gəlmə prosesi tarixi-linqvistik aspektdə araşdırılır. Bu dövr e.ə IV əsr-e. V əsri əhatə edir. Həmin dövrdə Alban dövləti və Alban (Aran) dili yaranır, etnik tərkib formalaşır. Bu dil türkdili tayfaların (utilər, sarıqurlar, yaqurlar, kəmər, xəzər, savar, sirak, hun, qul və s.) şivə əlamətlərinə görə bir-birindən fərqlənən dili idi. Müəllif bu tayfaların dil xüsusiyyətlərini, xüsusən də leksikasını (xüsusi adlar: etnonim, toponim və antroponim), qrammatik əlamətlərini sistemli şəkildə tədqiq edərək onların mənşə etibarilə türk dillərinə aid olduğunu göstərmişdir. Bundan əlavə, Atropatenalıların etnik tərkibi və dili haqqındakı yozumlar da Azərbaycan xalqının və dilinin təşəkkülü məsələsinə yenilik gətirmişdir. Müəllif fikrini ümumiləşdirərək göstərir ki, ümumxalq Azərbaycan dilinin təşəkkülü ilə Qədim Azərbaycan dili mərhələsi sona yetir və yeni Azərbaycan dili mərhələsi başlayır (s. 425).

 

5-ci fəsildə şifahi ədəbi dilin təşəkkül tarixi (VI-VIII əsrlər) Azərbaycanın o dövrdəki siyasi, iqtisadi və mədəni durumu ilə paralel izah edilir. “Kitabi-Dədə Qorqud”un dil özəllikləri, xüsusən də sintaktik quruluşu ümumxalq Azərbaycan dilinin təşəkkül dövrünün ecazkar abidəsi kimi nəzərdən keçirilir. İndiyə qədər “Kitabi Dədə Qorqud”un dilinin sintaksisi bu həcmdə və səviyyədə yazılmamışdır.

 

Kitabın 6-cı fəslində isə yazılı ədəbi dilin IX-XII əsrlərdə yaranmasını şərtləndirən faktorlar üzərində mülahizələr söylənilir. Müəllif yazılı və şifahi ədəbi dil arasında olan sərhədləri ümumiləşdirərək belə bir fikirə gəlir ki, VI-VIII əsrlər arasında tam təşəkkül tapan Azərbaycan şifahi ədəbi dili IX-XII əsrlərdə yazılı ədəbi dil kimi təşəkkülünü başa çatdırmışdır. Tədqiqatçı ənənənin təsiri ilə bir qədər o tərəfə gedərək belə bir fikir söyləsə də, yazılı və şifahi ədəbi dilin bu cür sərhədlənməsini daxilən narahatlıqla qəbul edir. “Kitabi Dədə Qorqud”u son dərəcə kamil bir yaradıcılıq nümunəsi, dilimizin bütün fonetik sistemini, lüğət tərkibi, qrammatik quruluşu barədə tam təsəvvür yaradan bir mənbə sayır. Ona görə də bu abidə ən yüksək yazılı ədəbiyyat nümunələrindən daha yüksəkdə dayanan yazılı ədəbiyyat nümunəsidir.